Azərbaycan atalar sözləri və məsəlləri
Azərbaycan atalar sözləri və məsəlləri — Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və zəngin növlərindən biri.
Atalar sözləri və məsəllər danışdıqda çox işlənən qısa, dərin mənalı və bitkin ifadələrdir. Bunlar xalq müdrikliyinin, xalq zəkasının, xalqın həyat təcrübəsinin bədii ifadəsidir. Azərbaycan dilinin aydınlığı, qısa, yığcam şəkildə dərin məna ifadə etmək kimi gözəl xüsusiyyətləri atalar sözlərində özünü yaxşı əks etdirir. Başqa növlər kimi, atalar sözləri də müxtəlif dövrlərdə, müxtəlif şəraitdə yaranmışdır. Buna görə də o, müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Ona görə də atalar sözü və məsəllərə ruslar ibrətamiz söz, qanadlı söz, qızıl söz, yunanlar və romanlılar hakim fikirlər, italyanlar xalq məktəbi, ispanlar ruhu təbiəti, ingilislər və fransızlar təcrübənin barı və s. adlar vermişlər.
Atalar sözü və məsəllər bir-birinə çox yaxındır. Bunları biri-birindən ayırmaq çox vaxt hətta çətin olur.